Muxtar Qasımov

Muxtar Qasımov

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır.

Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

Ailəli idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.