Şikar Aslanov

Şikar Aslanov

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.

1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.

Subay idi.

Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.