Şamoy Çobanov

Şamoy Çobanov

Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur.

Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. “Qanlı dərə” deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir. Həmin döyüşdə cəsur polis işçisi qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağköynək kəndində dəfn edilmişdir.

Ağköynək kənd məktəbi onun adını daşıyır.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman – Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən “Qartal yuvası” sənədli-bədii filmi çəkilmişdir.

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.