(4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant.
Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
Azərbaycan müstəqillik qazanandan sonra Rövşən Əkbərov öz taleyini Milli Ordumuzla bağlayır. 1990-cı ildən 1992-ci ilə kimi Beyləqan rayonunda hərbi komissarın köməkçisi, sonra isə Azərbaycan Resbublikası Silahlı Qüvvələri tərkibində müxtəlif vəzifələrdə çalışır. O, 1992-93-cü illərdə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə isə motoatıcı alayın komandiri vəzifələrində işləyir. Bacarığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən R.Əkbərov 1995-ci ildə 777 saylı motoatıcı briqadanın komandiri təyin olunur. O, 1997-ci ilə qədər həmin vəzifədə çalışır.
Rövşən Əkbərov bu illər ərzində bir çox çətinliklərə sinə gərmiş, sınaqlardan məharətlə çıxmışdır. Erməni işğalına qarşı döyüşlərdə yaxından iştirak edən igid komandir dövlət çevrilişinə cəhd edən daxili qüvvələrə qarşı aparılan əməliyyatlarda da fərqlənmişdir. Bütün bunları nəzərə alaraq Müdafiə nazirinin əmri ilə o, 1997-ci ildə nazirliyin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.
Ailəlidir, dörd övladı var.
Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
14.12.1993 — “Azərbaycan Bayrağı” ordeni.
05.10.1994 — Azərbaycanın Milli Qəhrəmanı.
04.04.1995 — “Azərbaycan Bayrağı” ordeni.
24.06.2003 — “Vətən uğrunda” medalı.
25.06.2011 — 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni.
ƏN SON XƏBƏR
R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilir. Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Həmin xəbərlərə əsasən, cinayət işi 20 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə törədilib. Belə ki, Rövşən Əkbərov Ukraynanın paytaxtında iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. O vaxt yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.
Nəsimi rayon Məhkəməsində Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.