(14 mart 2001-ci il; Sabirabar rayonu Surra kəndi, Azərbaycan — 20 oktyabr 2020; Hadrut qəsəbəsi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Əsgərov Firavan Xanbala oğlu 14 mart 2001-ci ildə Sabirabad rayonunun Surra kəndində anadan olmuşdur. Orta təhsilini də elə M. Babayev adına Surra kənd tam orta məktəbində alıb. Məktəb illərindən zəhmətkeşliyi ilə seçilirdi, Texnikaya böyük marağı var idi, ekskovatorçu olan atasına kömək edir, atası da ona özünün “çörək ağacı” adlandırdığı maşını idarə etməyi öyrədirdi. Artıq 14 yaşından ekskovatoru sərbəst idarə etməyi bacarırdı. Sürücülük vəsiqəsi də almışdı, atası ilə ta 18 yaşına kimi “Şirvan-Neftçi İnşaat” və “Kür-Araz MMC” də birgə işlədi, 2019-cu ilin aprel ayında isə vətənə borcunu vermək üçün həqiqi xidmətə yollandı.
Xidmət dövrü əvvəlcə Cəlilabadda olmaqla, sonra Qaradağ rayonunun Şubani qəsəbəsində yerləşən “N” saylı(052) hərbi hissədə Xüsusi Təyinatlı Qoşunların sıralarında keçmişdir. Burada o, həm baş sürücü kimi hərbi hissənin Rabitə Tibbi Yardım və Rabitənin Zirehli maşınını idarə edir, həm də mexanik kimi xidmət göstərirdi. Tovuz hadisələrində iştirak edən xüsusi təyinatlı əsgər, sonra İsmayıllı rayonunda Türkiyə və Pakistan hərbçiləri ilə iki aylıq çətin döyüş təlimi kurslarını uğurla başa vuraraq 2020-ci il sentyabr ayının 24-də Göranboy rayonunun Tapqaraqoyunlu kəndinə göndərilmişdir.
Müharibə başladığı ilk gündən Goranboydan Tərtər istiqamətində döyüşlərə qatılmış, Talış və Suqovuşan yüksəkliklərinin alınmasında gedən çox ağır döyüşlərdə iştirak etmişdir. Bu yüksəkliklərdə ordumuzun mövqeyi möhkəmləndikdən sonra Firavanın da daxil olduğu XTQ hissələri Daşkəsən istiqamətindən Murovdağ yüksəkliyi uğrunda və Kəlbəcər ətrafında döyüşləri davam etdirmiş, komandanlığın xüsusi hücum planı əsasında əlverişli mövqedə yerləşən və ən ağır döyüşlərin şahidi məşhur “Koroğlu postu”nu düşməndən geri almışdır.
Oktyabr ayının 20-dək çoxlu sayda çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edən Xüsusi Təyinatlı Firavan Əsgərov Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayon qəsəbə və kəndlərinin də düşməndən azad olunmasında qəhrəmanlıq göstərmişdir. Hadrut qəsəbəsinin azad edilməsi istiqamətində 20 oktyabr gecə ikən komandanlıqdan xüsusi tapşırıq alan 17 nəfərlik dəstə ərazidə əlverişli mövqe tutur və iki döyüşçü, biri Firavan Əsgərov olmaqla düşmən
mövqelərini təyin etmək məqsədilə kəşfiyyata göndərilir. Səhərüzü tapşırığı icra etmək üçün yollanan kəşfiyyatçılar yaxınlıqda ermənilərin gizləndiyi məkanı aşkar edir. Firavan, məlumatı döyüş yoldaşlarına çatdırmaq üçün gedən kəşfiyyatçı dostunu gözləmədən əvvəlcə qəfil atəşlə erməniləri çaş-baş salır, sonra isə onların içərisinə atılaraq əlbəyaxa döyüşə başlayır. Uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə seçilən Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgər və zabitini məhv etsə də bu onun son döyüşü olur, aldığı ağır güllə yarasından şəhidlik məqamına ucalır…
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən haqlı davada xüsusi cəsarət və igidlik göstərən Əsgərov Firavan Xanbala oğlu Surra kəndində dəfn edilmiş və ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Cəmi 19 il yaşadı, amma adını İkinci Qarabağ müharibəsinin qəhrəmanı kimi tarixə də, ürəklərə də yazıb getdi Firavan, elə vətən mülkünün firavanlığı naminə öz həyatını qurban verdi. Əqidəsi yolunda bircə an belə tərəddüd etmədən şirin canına qıydı, qələbənin əzəmətini qanı axıb torpağa qarışınca hiss etdi, sonuncu dəfə uzaqlara dikilən baxışları ilə qap-qara torpağın gülzara çevrildiyini gördü. Əbədiyyət yolçusu olmazdan öncə doğma Vətəninə əbədiyyət bəxş etdi, ailənin yeganə oğlu idi, indi isə bütün xalqın oğludur Firavan!.. Azadlığı yolunda özünü fəda etdiyin Vətən səni heç vaxt unutmayacaq, igid əsgər…
“Vətən uğrunda” medalı | “Cəbrayılın azad olunmasına görə” medalı | “Füzulinin azad olunmasına görə” medalı | “Qubadlinin azad olunmasına görə” medalı |