(17 fevral 1975; Beyləqan, Azərbaycan — 22 oktyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. Ailəli idi. Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qaldı.
Ramiz Qasımov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə və 2020-ci ilin Tovuz döyüşlərində fərqlənib.
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Ramiz Qasımov sentyabrın 27-də Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mil Mi-8 helikopteri erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünün tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə Mil Mi-8 Tərtər rayonu ərazisində boş sahəyə düşdü. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaraldı. Dərhal hospitala aparılan Ramiz Qasımov 25 gün koma vəziyyətində qalandan sonra oktyabrın 22-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
(25.06.2004) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(22.06.2006) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(30.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(25.06.2009) — II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(24.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(25.06.2014) — I dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(22.10.2018) — “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)