Elbrus Bayramov

Elbrus Bayramov

(1 dekabr 1986; Beyləqan rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. 1994-2002-ci illərdə Milabad kənd tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Bayramova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Bayramov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Bayramov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(26.06.2018) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)