Cavanşir Əhmədov

Cavanşir Əhmədov

(12 noyabr 1999-ci il, Qaradağ rayonu Ələt qəsəbəsi – 15 oktyabr 2020-ci il, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanır.

Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Atası – Əhmədov Xeyrulla Misir oğlu – Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, qazi olub.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020