19 aprel 1954, Xocalı – 26 fevral 1992, Xocalı — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi.
19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-1971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılmış, 1976-cı ildə ordudan tərxis olunmuşdur.
1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu…
Ailəli idi, üç uşağı- Yasəmən Hüseynova, Əfsanə Hüseynova, Murad Hüseynov. Müharibədə anası və atası öldürülmüşdür. Qardaşlarından biri əsir alınmış, digəri xilas olmuşdu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.