Şixamir Qaflanov

Şixamir Qaflanov

(17 dekabr 1986, Dombabinə, Zaqatala rayonu – 19 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olub. Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunun Mamaqabinə kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2004-cü ilə qədər orada təhsil alıb.

Ailəli idi. Dörd aylıq Mədinə adında bir qızı yadigar qaldı.

Şixamir Qaflanov 2005-ci ilin yanvarında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2005-2006-cı illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmət edib.

Daxili Qoşunların 2008-2010-cu illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Liseyində təhsil alıb və oranı “leytenant” hərbi rütbəsi alaraq bitirib. Daxili Qoşunların müxtəlif hərbi hissələrinin Xüsusi Təyinatlı Dəstələrində qrup Komandiri, Dəstə Komandirinin müavini və Dəstə Komandiri vəzifələrində xidmət elədi.

Azərbaycan Ordusu Daxili Qoşunlarının mayoru olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı rəhbəri olduğu Xüsusi Təyinatlı Dəstə ilə Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şixamir Qaflanov oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Şəhid olduğu günə qədər öz dəstəsindən bir nəfər belə şəhid olmayıb. Bir çox döyüşlərdə Ermənistan Ordusunun mühasirəsində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini xilas edib, Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib. Xüsusi təyinatlılar arasında “Əfsanəvi Rembo” ləqəbini qazanıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxamir Qaflanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2020) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)