Aleksandr Kalyaninov (11 dekabr 1992, Bakı şəhəri – 25 dekabr 2024, Qazaxstan, Aktau) – Təyyarə pilotu, Azərbaycanın Milli Qəhrəmanı
Aleksandr Georgiyeviç Kalyaninov 11 dekabr 1992-ci ildə Bakıda anadan olub. Bakı Avropa Liseyinin məzunudur. 2021-ci ildə o, Ukrayna Milli Aviasiya Universitetində aviasiya nəqliyyatı ixtisası üzrə magistr dərəcəsini bitirib.
2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya istehsalı olan Pantsir-S1 zenit raket kompleksi ilə vurulmuşdur. Hava gəmisinin kapitanı İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.
Aleksandr Kalyaninov qəza nəticəsində həyatını itirmişdir. 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respunlikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərdiyinə görə Aleksandr Georgiyeviç Kalyaninov “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adı verilmişdir.