Onlarla əsgərimizi ölümün pəncəsindən alan, düşməni öz silahı ilə vuran cəsur kəşfiyyatçı
“Qafqaz regionundan olan bütün əsgərlərin ümid yeri idi”

Nurəddin Quzanlının ən sakit cavanlarından biri olub. Evlərimiz bir məhəllədə idi, qonşu sayılırdıq. Bəlkə də gündə 2-3 dəfə qarşılaşmışıq onunla küçədə. Amma onunla bağlı xatirələrim azdır. Məhrum Nurəddinlə az ünsiyyətdə olmuşuq. Mən yeniyetmə marağı ilə suallar verirdim, o da bildiyi qədər cavablayırdı… Məsələn, soruşurdum ki, ən zəhərli ilan hansıdır. O da ilanların latınca elmi adlarını yox, xalq arasında yayğın olan mifoloji adlarını deyərdi: “şahmar”, “yelmar”, “qızıl ilan” və s.
Mərhum Novruz kişinin ailəsi geniş idi. 1950-ci illərdə onlara Kəlbəcər rayonundan bizim kəndə köçmüşdülər. Qohumları 1993-cü ilə qədər orada yaşayırdı. Kəndin qabaqcıl təsərrüfat fəallarından olan əmim Əfqan Məmmədovla kirvəlik münasibətləri vardı Yolçuyevlərin. Olduqca sakit ailə idi. Sadə zəhmət adamı Novruz kişi erkən dünyasını dəyişsə də ailənin xanımı Zəhra xala min bir əziyyətlə böyütmüşdü uşaqları. Ciddi duruşlu, ötkəm təbiətli, zabitəli qadın idi Zəhra xala. Məğrur baxışlarında zamanın ağır imtahanlarından keçmiş, iztirablı həyat yollarının yoğurduğu qətiyyət vardı. Ən ağır situasiyalarda belə təmkinini itirməyən Zəhra ana övladlarını sağlam ruhda tərbiyə etmişdi. O, uşaqları məsuliyyətli, doğrucul, təəssübkeş böyütmüşdü.

Ailədə ən məşhuru Qüdrət müəllim idi. Amma biz ona Qürbət müəllim deyərdik. Quzanlıda elə indi də çoxları onu Qürbət müəllim deyə çağırır…
Böyük bacısı Nübar deyir ki, Nurəddin uşaqlıqdan qaradinməz olub. Sinif yoldaşı Şakir isə onun sinifdə hər kəsin sevimlisi olduğunu deyir: “Həm də qonşu olmuşuq onunla. Uşaqlığımız birlikdə keçib. Fiziki cəhətdən çox qüvvətli idi, kənar məhəllə uşaqları ilə mübahisələrdə hər zaman bizə qahmar çıxardı”.
Başqa bir sinif yoldaşı Ələddin isə onu belə xatırlayır: “O qədər də fəal oxuyan deyildi, amma güclü idi, prisipial idi. Bəzən borzuluq etmək ustəyən oğlanlar sinifdə onu görəndə özünü yığışdırırdı”. Maraqlıdır ki, Ələdddin Sovet ordusunda da Nurəddinlə eyni hərbi hissədə xidmət edib. Danışır ki, Azərbaycandan, Qafqaz regionundan olan əsgərlərin ümid yeri idi Nurəddin: “Onun qorxusundan digər millətlərdən olan iki illik borzu əsgərlər bizə yaxın gələ bilmirdi. Güləş, boks yarışlarında həmişə fərqlənirdi”.
Orta məktəbdə ona dərs demiş Rəxşəndə müəllimənin yadında Nurəddinin müsbət keyfiyyətləri ilə yadda qalıb: “Nurəddin məsuliyyəti, nizamı, tərbiyəsi ilə seçilirdi”.

Coğrafiya müəllimi olmuş Bəhmən İsmayılov Nurəddinin sakit, sülhsevər, amma bir o qədər də sərt biri olduğunu yada salır: “Üzündən onun qorxmazlığı oxunurdu. Heç kimlə işi olmazdı, amma vay o gündən ki, kimsə ona qarşı, ya bir zəifə, müdafiəsiz insana qarşı artıq-əskik hərəkət edəydi. Nurəddin o dəqiqə onun cavabını verərdi”.
“Deyirdi ki, o kişinin cəzasını verib dağlara çəkiləcəm”
Novruz kişi rəhmətə gedəndən sonra ailənin yükü böyük qardaşı Şahlarla Qüdrət müəllimin üzərinə düşmüşdü. Qüdrət müəllim öz çalışqanlığı, öz biliyi hesabına ali məktəbə qəbul olunmuşdu. O, bir müddət Quzanlıda müəllim işlədi, sonra Bakıya köçdü. Bakıya yerləşəndən sonra da Yolçuyevlərin ağsaqqalı Qüdrət müəllim idi. Ailənin bütün uşaqları Qüdrət müəllimdən çəkinər, onu eşidərdilər.
Qüdrət müəllim nəql edir ki, uşaqlıqdan Nurəddində qəribə bir asilik vardı: “Haqsızlıqla barışmırdı. Özündən yaşca böyüklər belə onun yanında haqsız iş görəndə etiraz edirdi. Yeniyetmə çağı olardı, kənddə bir nəfər Nurəddinə qarşı tərs bir hərəkət etmiş, acı söz demişdi. Nurəddin o insanı bağışlaya bilmirdi. Bir dəfə mənə dedi ki, o adamın cəzasını verib dağlara qaçacam. Təxminən 14-15 yaşı olanda evdən qaçmış, Sultanbud meşəsinə sığınmışdı. Gedib yerini tapdıq, gördük ki, ağacda özünə yuva düzəldib. O zamanlar Sultanbud meşəsi çox sıx və keçilməz idi. Qoca palıd, saqqız ağaclarının budaqları o qədər sıx idi ki, meşəyə gün işığı düşməzdi. Böyük adamlar belə meşəyə ehtiyatla girər, orada çox qalmazdı. Vəhşi heyvanlara da rast gəlinirdi meşədə. Buna baxmayaraq 15 yaşlı uşaq gedib gecəni meşədə qalırdı. O zaman onu güclə tutub gətirdik, fikrindən daşındırdıq”.
“Xocalıdan sonra deyirdi ki, biz bu utancla yaşaya bilmərik”
Yolçuyevlərin 7-ci övladı olan Nurəddin 29 iyul 1963-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub.
1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. İki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdə vaxtaşırı Əfqanıstana da ezam edilib, orada da xidmət keçib. Silahla, hərbi texnika ilə davranmağı da elə orada öyrənmişdi.

Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə daxil olmağı təklif edir, ancaq ailəsi razı olmadığına görə Nurəddin doğulduğu kəndə qayıdaraq təsərrüfatla məşğul olur. 1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol yollayışı ilə Rusiyanın Arxangelsk vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə institutun qiyabi şöbəsinə daxil olur.
Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin təşəbbüsü ilə Arxangelskdə yaşayan bir qrup azərbaycanlı və çeçen işlərini, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdam hərbi komissarlığına gəlib milli ordu sıralarına götürülməyi tələb edirlər.

Bacısı, həm də sinif yoldaşı Nigar xanım deyir ki, Qarabağa ailəsindən xəbərsiz gəlibmiş: “Bir də xəbər tutduq ki, könüllü olaraq cəbhəyə yollanıb. Sonra evə gələndə söhbət edirdik. Deyirdi ki, ermənilər bizə Xocalı dəhşətini yaşadıblar, biz bu utancla yaşaya bilmərik”.
O zaman hərbi komissarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman “Fred Asif”in (Asif Məhərrəmov-red) başçılıq etdiyi tabora qoşulurlar. Mayın 1-nə qədər bu taborun tərkibində döyüşlərə qatılır, sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi tabora qoşulurlar. Bir müddət sonra Nurəddin Ərşad Nadirovun rəhbərlik etdiyi Şirin Mirzəyev adına 836 nömrəli hərbi hissənin 4-cü taboruna keçir.
Döyüş yoldaşı Rəhim Ağayev onunla ikl görüşünü belə nəql edir: “1992-ci il idi. Qərargahda oturmuşdum, gördüm bir nəfər gəldi. İçəri girib, dedi ki, mən Quzanlıdanam, sizin tabora yazılmaq istəyirəm. İsrarla dedi ki, bura yazılmasam, başqa tabora gedəcəm”.
Sırxavənd qaplanı
Qısa müddətdə Nurəddin “Kötəl” könüllülərinin, gənc əsgərlərinin sevimlisinə çevrilir.

Döyüş yoldaşlarının dediyinə görə, Nurəddin Naxçıvanik, Aranzəmin, Dəhraz, Pircamal, Ağbulaq kəndlərinin erməni quldurlarından təmizlənməsində saysız igidliklər göstərib. Ağdərə rayonunun Sırxavənd, Kiçan, Qazançı, Canyataq döyüşlərində igidliyi ilə yadda qalıb.
Qəhrəmanımız 1991-ci ilin noyabr ayından 1992-ci ilin oktyabrın 20-ə qədər döyüşdə iştirak edib.
Sırxavənd döyüşündə 3 döyüş yoldaşı ilə birlikdə ermənilərin 1 ədəd PDM döyüş maşınını qənimət kimi götürüb, döyüş əməliyyatına rəhbərlik edən Şirin Mirzəyevə təhvil verib. Həmin döyüşdə 1 döyüş yoldaşı ilə birlikdə 3 erməni quldurunu məhv edib, 21 terrorçunu isə əsir götürüb. Kican əməliyyatı zamanı düşmənin 1 ədəd TŞK pulemyotunu ələ keçirib. Döyüşçü yoldaşlarının verdiyi yazılı məlumatlara əsasən Nurəddin Yolçuyev iştirak etdiyi 30-a qədər döyüş əməliyyatında 50-yə qədər erməni terrorçusunu məhv edib, onlarla döyüşçümüzü əsir düşməkdən xilas edib, onlarla şəhidimizin nəşini düşmən əhatəsindən çıxarıb. 1992-ci ilin sentyabr ayında Gülablı əməliyyatı zamanı 2 döyüşçü yoldaşı ilə birlikdə daha bir PDM-1 markalı döyüş maşınını məhv edib.
22 iyun 1992-ci ildə Qazançı uğrunda gedən döyüşlərdə Nurəddinin rəhbərlik etdiyi qrup öndə gedir, düşmənə amansız zərbələr endirir. Onun qəhrəmanlığı sayəsində bir neçə əsgərimiz əsir düşməkdən xilas edilir.
Alay komandiri Ərşad Nadirovun qərargah rəisi Rəhim Ağayevə yazdığı təqdimatdan:
“1992-ci ildə Sırxavənd-Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay xüsusi hünər göstərdi. Əməliyyat zamanı N. Yolçuyev ön cərgədə olmuş, düşmənə sarsıdıcı zərbə endirmişdi. 22 iyun 1992-ci il tarixində Qazanı uğrunda gedən döyüşlərdə də Nurəddin əvvəlki kimi yenə ön cərgələrdə irəliləyirdi. Məhz onun qəhrəmanlığı nəticəsində bir neçə əsgərimiz düşmən pəncəsindən xilas edildi. Vaxtilə Almaniyada və Əfqanıstan respublikasında hərbi xidmətdə olmuş Nurəddin Yolçuyev müharibənin nə demək olduğunu yaxşı bilirdi. Orada topladığı təcrübəni məharətlə düşmən qüvvələrinə qarşı yönəldirdi.
Qazançı, Sırxavənd döyüşlərində Nurəddin ermənilərdən piyadaların döyüş maşınını qənimət gətirmişdi. Texnikadan başı çıxırdı, özü sürüb gətirmişdi. Həmin hərbi texnikanın sonra heyətini formalaşdırdı və düşmənə qarşı ondan çox məharətlə istifadə etdi”.
“Döyüşə birinci girir, sonuncu çıxırdı”
Döyüş yoldaşları Rəhim Ağayev və Xəyal Ağayev Nurəddinin igidliyinin danışmaqdan yorulmurlar.
-Qorxu hissi yox idi onda. Döyüşlərin birində Sırxavənddə mühasirəyə düşdülər. Çağırışçı əsgərlər də var idi orada. İki gecə orada qaldılar. 12 əsgəri mühasirədən Nurəddin çıxarmışdı. Neçə dəfə deyirdim ki, özünü qoru, sən bizə lazımsan. Amma eşitmirdi, ən riskli mövqelərə yollanırdı. Bir dəfə ermənilər tərəfdən döyüşən yaxşı silahlanmış bir qulduru bizimkilər vurmuşdu. Meyiti qalmışdı neytral zonada. Heç kim gedib gətirə bilmirdi. Nurəddin getdi və qənimət olaraq 2 qrantamyot gətirdi. Döyüş adı gələndə qanı coşurdu. Hamıdan birinci girir, çıxanda ən sonuncu çıxırdı. Bir də görürdün heç bizim tapşırığımız olmadan gənc əsgərləri yığıb təlimə aparır, sulahdan atmağı, döyüş taktikasını öyrədirdi-deyir, Rəhim Ağayev
Xəyal Ağayev Nurəddinin taborda böyük qardaş kimi sevildiyini deyir: –Onda mənim 20 yaşım var idi. Çox ciddi insan idi. Kişi xarakterli ciddi bir insan idi. Döyüşdə ondan çox şeylər öyrənirdik. Davranışı ilə bir nümunə idi. Heç kimin qəlbinə dəyməzdi.
“Kiçan əməliyyatında Kənanla Nurəddin 15 -ə yaxın terrorçu əsir götürmüşdülər”-bunu isə, o şəhid olandan sonra Kötəl taborunun könüllülərinə qoşulmuş böyük qardaşı Firudin nəql edir.
Nurəddinin döyüş yoldaşı, 708 nömrəli hərbi hissənin 4-cü batalyonunun 1-ci bölüyünün komandiri Kənan Sultanov yazır:
-Nurəddin Yolçuyevlə 1992-ci ilin may ayından 20 oktyabr 1992-ci ilə qədər birlikdə xidmət etmişəm. Onu yaxından tanıyıram. 17 may 1992-ci il Gülablı döyüşü, 12-16 iyun Ağdərənin Sırxavənd Kiçan əməliyyatı zamanı sıravı Nurəddin Yolçuyev xüsusi qəhrəmanlıq göstərdi. Şəxsən onun qəhrəmanlığı nəticəsində düşmənin bir neçə texnikası məhv edildi, canlı qüvvəsi girov götürüldü. Nurəddin Yolçuyev bütün növ silahlardan istifadə etməyi bacarırdı. Qrantamyotdan sərrast atırdı. Döyüşlərdə həmişə ön cərgədə olurdu. O, şəxsi heyətin sevimlisi olmuşdu. Biz həmişə onunla fəxr edirdik.
708 nömrəli hərbi hissənin 4-cü batalyonunun 2-ci bölüyünün komandiri Azər Mustafayev yazır:
-Nurəddini may 1992-ci il tarixindən iştirak etdiyimiz bir döyüşlərdən tanıyırdım. Gəldiyi ilk günlərdən şəxsi heyətin dərin hörmətini qazanmışdı. Gülablı, Pircamal, Arazəmin döyüşləri zamanı Nurəddin öndə gedir, düşmənə zərbələr endirirdi. Onun qəhrəmanlığı nəticəsində düşmənin bir neçə texnikası və canlı qüvvəsi məhv edildi. 22 iyul 1992-ci ildə Ağdərənin Qazançı əməliyyatı zamanı Nurəddin həmişə olduğu kimi düşmənə sarsıdıcı zərbələr endirdi. Sərrast atıcı idi. Əksər hallarda RPQ-7-dən istifadə edirdi. Atdığı hər mərmi düşməni yerində susdururdu. Göstərdiyi qəhrəmanlıqlara görə, komandirlər onu bölük komandirinin müavini vəzifəsinə təyin etmişdi. Nurəddin texnikanın sirrlərini gözəl bilirdi. Daim öz üzərində işləyirdi”.
“Döyüşə doğmalarından xəbərsiz getmişdi”
Ağır döyüşlərin birində yaralanan Nurəddin hərbi hospitala aparılır. Bu barədə də o heç kimə, heç nə demir. Doğmaları bu hadisədən onun müalicəsi başa çatandan sonra xəbər tutur…
Böyük qardaşı Qüdrət müəllim deyir ki, onun döyüşdə olduğunu çox sonradan bilib: “O vaxt “8-ci kilometr” qəsəbəsində qalırdıq. Bir də gördüm qolu sarıqlı halda gəldi. Demək istəmirdi əvvəlcə, sonra dili açıldı. Dedi ki, bəs mən 8 aydır cəbhədəyəm. Yaralandığını da gizlətmişdi bizdən”.
Bacısı Nigar deyir ki, anası Nurəddinin döyüşdə olduğunu hiss edibmiş: “Birdən qayıdırdı ki, Nurəddini paltarı qanlı görmüşəm yuxuda, mənə demirsiz, o deyəsən Qarabağdadır. Deyirdik ki, yox e, Rusiyadadır. Sən demə, heç bizim də xəbərimiz yox imiş”.
Müalicəsi başa çatan cəsur kəşfiyyatçı ləngimədən səngərə qayıdır.
Hələ son döyüşə bir neçə gün vardı. Nurəddin ailəsinə baş çəkir, dostları ilə görüşür. Şəkil çəkdirməyi sevməyən bu igid döyüşçü silahdaşları ilə son dəfə anı əbədiləşdirir. Qəribədir ki, həmin gün döyüşçü dostlarına “kim bilir, bəlkə birlikdə son şəkilmiz olacaq” deyir Nurəddin.
Qardaşı Qüdrət müəllim onunla son görüşünü belə xatırlayır:
-Sanki ürəyinə dammışdı ki, son gedişidir. Hamı ilə halallaşdı, küsülü olduğu adamlarla barışdı.
Dostlarının, doğmalarının sevimlsi, döyüş yoldaşlarının ümid yeri Nurəddin Yolçuyev düşmənə qarşı son döyüşü 20 oktyabr 1992-ci ildə olur.
O, Ağdamın Əliağalı kəndi ərazisində kəşfiyyata gedən zaman minaya düşərək şəhid olur.

Nurəddin şəhid olandan sonra onu qardaşı Firudin əvəz edir. Deyir ki, onun ölümü tabora çox pis təsir etmişdi: “Rusiyadan qayıtdım, getdim Ağdama, Ərşad Nadirovun taboruna. Şərurlu Məmməd adlı oğlan var idi, oturdu ağladı, yalvardı mənə ki, sən gəlmə, qoşulma bizə. Dedi ki, Nurəddinin o qədər çox hörməti var ki, birinci döyüşdə taborun yarısı sənə görə qırılacaq. Çünki hamı səni qorumağa çalışacaq. Hətta Ərşad birinci döyüşə gedəndə üstümə tapança çəkdi ki, girmə döyüşə. Sonrakı döyüşlərdə artıq öyrəşmişdi. Bilirdi ki, qayıdası deyiləm”.

Məktəb yoldaşı, həm də Quzanlı qəsəbəsi üzrə icra nümayəndəsi Eldəniz Abdullayev deyir ki, Nurəddin tək bir ocağın deyil, bütün Quzanlının fəxridir: “Bu gün onun yaşadığı həyətin qarşısından keçəndə övladlarıma deyirəm ki, diqqətlə baxın, bu evdə böyük bir qəhrəman yaşayıb”.
“General dedi ki, o şəhid oldu, sanki qollarım kəsildi”
Qüdrət müəllim o bölgədə hamının general deyə çağırdığı mərhum Ərşad Nadirovla olan görüşünü xatırlayır: “Mənə dedi ki, müəllim, Nurəddin şəhid oldu, elə bil qollarım kəsildi. Çünki döyüşü o aparırdı. O şəhid olanda anam dedi ki, mən oğlanlarımı elə böyütmüşəm ki, biri şəhid olsa o birisi gedib döyüşəcək. Çünki vətən, elin-obanın namusu təhlükə altındadır. Düzdür, içimdə ağlayacam, amma həm də qürur duyacam ki, oğlun vətən üçün şəhid olub”.
Qüdrət müəllimdən bir neçə dəfə şəhid Nurəddin haqqında müsahibə almışam. Onun təşəbbüsü ilə rejissor Teymur Zahidoğlu ilə birlikdə “Tamamlanmayan döyüş gündəliyi” adlı sənədli filmini çəkmişik. Yaşı 70-i keçmiş Qüdrət müəllimin hər dəfə Nurəddinin şəhid olduğu məqama çatanda səsi titrəyir, kövrəlir, göz yaşı tökür. Baxışlarını məndən gizlətməyə çalışsa da, hiss edirəm ki, nakam qardaşının yarımçıq qalmış arzularına ağlayır o. Amma alnına vaxtından öncə qırışlar, saçlarına erkən dən düşmüş bu müdrik insanın nəmli gözləri gözünün qarşısında böyümüş, yetişməsində əziyyətlər çəkdiyi qardaşının qəhrəmanlıqla dolu döyüş yolundan doğan qüruru gizlədə bilmir.
İllərlə ürəyində ağır nisgil daşısa da, qardaşının adını yaşatmaqdan vaz keçmir, onun qəhrəmanlığından danışmaqdan doymur Qüdrət müəllim…
…Cəmi 27 il yaşadı Nurəddin. Subay idi, bacısı danışır ki, istəklisi də var imiş. Qısa, amma şərəfli bir ömür yaşadı Nurəddin. Qurduğu arzuları reallaşdıra bilmədi. Sanki tale ona uzun, sakit həyat yox, qəhrəmanlıqla dolu qutsal bir yol yazmışdı. Nurəddin gənc yaşında namərd düşmənin alçaq tələsinə düşüb şəhid olsa da, dostlarının, doğmalarının, döyüşçü yoldaşlarının yaddaşında əbədi olaraq vəfalı, sadiq, dönməz və mərd bir insan kimi qaldı. Nurəddin Quzanlının bağrından qopmuşdu, amma bütöv Qarabağ elinin, Azərbaycan yurdunun ədəbi qəhrəmanına çevrildi. Qəvi düşmən bizdən Nurəddini, onun kimi neçə-neçə igidi aldı, amma Vətən torpaqlarını ala bilmədi. Bu gün Nurəddinin ruhu azad Qarabağın səmasında pərvaz edir. Sanki Şahbulaqdan əsən küləklərə qarışıb yurd boyunca dolaşır və azad torpaqlarda böyüyən gənc vətən oğullarına pıçıldayır: “Sizə azad bir Vətən qoyub getdik. Onu qoruyun, sevin, qədrini bilin. Bir daha yağıların müqəddəs yurdumuza ayaq basmasına izn verməyin”.
Bu xalq hər zaman qəhrəmanlar yetirib. Bu oğulların qanına vətən sevgisi, torpaq məhəbbəti hopub. Ona görə də Nurəddinlər ölməzdir. Bir Nurəddin şəhid olar, amma onun yerinə mini doğular.
Bu gün böyük qardaşı Şahların ocağında balaca bir Nurəddin böyüyür —nəvəsi Nurəddin Yolçuyev. O balaca igidin gözlərində qəribə bir işıq, gələcəyə ümid var. Kimin adını daşıdığını hiss edir elə bil. Bu balaca məğrur addımları ilə sanki taleyə meydan oxuyur: bu ocaqda Nurəddinlər tükənməz, igidlərin ardı kəsilməz.

Elman Cəfərli



