d. 14 aprel 1952, Qazaxbəyli, Qazax, Azərbaycan SSR, SSRİ — ö. 20 noyabr 1991, Qarakənd, Xocavənd, Azərbaycan — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971-1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Alı Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi. O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.
Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.
1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Alı Mustafayev Lalə xanım Mustafayeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Onun üç övladı var.
Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.
O, 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
1991 — “İlin ən yaxşı jurnalisti”
1992 — Azərbaycanın Milli Qəhrəmanı