Asif Məhərrəmov

Asif Məhərrəmov

Asif Məhərrəmov, və ya Fred Asif (tam adı: Asif Yusif oğlu Məhərrəmov; d. 26 iyul 1952, Ağdam, Azərbaycan SSR, SSRİ — ö. 1 iyul 1994, Yalta, Ukrayna) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı.

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub.

1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.

1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə iki il iş kəsilir, və o, onun səkkiz ayını həbsxanada yatır. Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır:

“Asifi skamyanın ağacları ilə vurmuşdular, amma O, daha qüvvətli zərbə endirmişdi, birinin dişi tökülmüşdü, birinin burnu qırılmışdı. Həmin 3-4 nəfər pul verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul istədilər. Pulumuz olmadı verməyə. Asifi tutdular.”
1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində “Təcili yardım” maşınını vurulmasına görə, ona 4,5 il iş veriblər.

1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına getdi. O, bir müddət sonra, Ağdama qayıtdı və restoran sahibi idi.

Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.

1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaratmışdır. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olundu. Azərbaycan Respublikası Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verildi. Asifin hərbi təhsili olmamasına baxmayaraq, O, 859 saylı həmin batalyonun ilk komandiri oldu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edildi.

Aranzəmini alan zaman Asif maraqlı taktika qurmuşdu: artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizlənmədiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, əməliyyat fikirləşirmiş. Mirzəyev görür ki, bir UAZ atəş altında girdi kəndə. Atəş dayanan kimi batalyon da getmişdi dallarınca. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyevin sözlərinə görə “bu hərəkəti ancaq fanat edə bilərdi”.

Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. 1992-ci ildə qəzetlərə verdiyi müsahibədə Asif deyirdi:

“Mən realistəm. Əgər qüvvələrimizi vahid komandanlıq altında birləşdirə bilsək, qələbə bizimdir.”
24 iyun 1992-ci il Naxçıvanlı kəndində uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuşdular, onun maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Milli Qəhrəman adına təqdimatı onda yazdılar. Asifi üç gün Ağdamda saxladılar.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna getmişdi. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırdı. O zaman narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət elədi və ona bildirdi ki, “nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq”.

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı. Vəziyyəti daha da pisləşdi. O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyindən əziyyət çəkirdi idi.

1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, Azər adlı oğlu var. 1991-ci ildə 12 futbol komandası Ağdama gəlməkdən boyun qaçırmışdı. Qarabağ FK-nin keçmiş futbolçusu Yaşar Hüseynovun sözlərinə görə, futbolçular batalyonuyla stadionun bazasında məskunlaşan Asifə müraciət eləyiblər ki, döyüşçülərə qoşulsunlar. Fred Asif razı olmamışdı:

“Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın.”

Asif Məhərrəmova “Fred” ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın “Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın “Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

Bakıda onun şərəfinə küçə adlandırılıb. 2007-ci il 28 avqustdan Azərbaycanda X siniflər üçün azərbaycan və rus dillərində hazırlanan “İbtidai hərbi hazırlıq” dərsliklərinə ilk dəfə olaraq Fred Asif haqqında məlumat daxil edilib. 2008-ci ildən Fred Asif adına İnkişaf Fondu fəaliyyət göstərir.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina etdi. Asifin cavabı isə çox qəti və məntiqli oldu:

“Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq.”

Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra prezident Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa etdi və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim etdi.

1992 — “General Məhəmməd Əsədov” mükafatı
1992 — Azərbaycanın Milli Qəhrəmanı