Canpolad Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə döndü.
Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən “Qarabağ şahinləri” batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Rzayev Yaqub Ələsgər oğlunun övladı idi. Evli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam şəhərinin şəhidlər xiyabanında dəfn olunub.