Cavid Hüseynov

Cavid Hüseynov

(3 aprel 2001, Tovuz, Tovuz rayonu – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007-2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub.

Subay idi.

Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz şəhərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020