Elçin İsmayılov

Elçin İsmayılov

(30 may 1989; Ucar, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı Taqım Komandiri” ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb.

Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib.

Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı
26.06.200826.06.201326.06.201826.06.2020
“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202024.12.202029.12.2020

Toy günündə snayper gülləsinə tuş gələn ŞƏHİDİMİZ