Elvin Abdurahmanov

Elvin Abdurahmanov

(1 oktyabr 1996; Qəbələ rayonu, Əmirvan kəndi — 2 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı giziri, Vətən müharibəsinin şəhidi.

Elvin Abdurahmanov Əbülfəz oğlu 1996-cı il 1 oktyabrda Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyəti ləzgi idi. 2003-2014-cü illərdə orta təhsilini doğulduğu kənddə yerləşən orta məktəbdə alıb.

Elvin Abdurahmanov 2014-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Naxçıvan MR Kəngərli rayonunda Xüsusi Təyinatlı olaraq davam etdirib. 2017-ci ildə Azərbaycan R. Xüsusi Təyinatlı qüvvələrinin 6 aylıq kurslarına daxil olur və buranı uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələr sırasında hərbi xidmətə başlayır.

Azərbaycan Ordusunun xüsusi təyinatlı giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətindəki yüksəkliklər uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid, Əmirvan kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurrahmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202018.12.202024.12.2020