27 iyul 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini yalnız Bülbülə qəsəbəsinin deyil, o zamanlar bütün Bakı şəhərinin ən güclü məktəblərindən biri sayılan 208 saylı tam orta məktəbdə, 2002-2012-ci illərdə almışdı. Məktəb illərində idman yarışlarında, əsasən futbolda qazandığı uğurlara görə aldığı xeyli sayda fəxri fərmanları var.
Hərbi xidmətini 2013-2015-ci illərdə Şəmkir korpusunda keçirmişdi. Murov yüksəkliyini qoruyan igidlərimizdən biri idi. “Döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə” komandanlıq tərəfindən fəxri fərmanla təltif edilmişdi. Əgərlikdən qayıdıb mülki həyatın sərbəstliyini düz-əməlli dadmadan, o dəqiqə özünə iş axtarmağa başladı. Avtoservisdə usta köməkçisi kimi işə düzəldi. Tezliklə işinin sirlərinə yiyələndi. Sevinirdim ki, yalnız qara işlə, pul qazanmaqla məşğul olmurdu, həm də işini çox sevirdi, daxilində güclü yaradıcılıq eşqi, yenilik etmək şövqü vardı. Bəlkə elə bu şövq də onu başqa bir ustanın yanına getməyə həvəsləndirdi. Bir müddət keçəndən sonra anasından – bacım Elviradan eşitdim ki, ikinci işinin də sirlərinə çox qısa vaxtda yiyələnib. Hətta ustası deyirmiş, Mehdi təkbaşına öz kiçik biznesini də qura bilər… Və qurmağa hazırlaşırdı da…
2020-ci ilin iyulunda Tovuzda düşmən təxribatı nəticəsində bir neçə əsgər və zabitimizin, xüsusilə general-mayor Polad Həşimovun şəhadət xəbəri hamımıza çox pis təsir etmişdi, əlbəttə. Mehdi isə əməlli-başlı özünə yer tapmırdı. Könüllü olaraq ordu sıralarına yazılmışdı. Sentyabrın 21-də Suraxanı hərbi komissarlığı tərəfindən döyüş təlimlərinə çağırılmış, Vətən müharibəsinin başladığı ilk gündən hücum əməliyyatlarına qatılmışdı. Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində döyüş yolu keçmiş, 41 gün ərzində mənfur düşməni “iti qovan kimi” torpaqlarımızdan qovan cəsur döyüşçülərimizdən biri olmuşdu. Bu müddət ərzində ara-sıra baş tutan telefon danışıqlarında həmişəki kimi çox danışmırdı, yalnız bunu hər dəfə deyirdi ki, “irəli gedirik, düşməni əzirik”. Anasına isə heç onu da demirdi: “Hər şey yaxşıdı, ana, mən döyüşmürəm, postda durmuşam”.
Mehdi döyüş zamanı nə qədər ağır vəziyyətdə olursa olsun, yaxınlıqdakı yoldaşının köməyinə çatmağa həmişə hazır idi. Beləcə neçə-neçə döyüş yoldaşına ilk tibbi yardım göstərək ölümdən xilas etmişdi. Döyüş başlayan kimi isə dərhal düşmən üstünə şığıyırdı, elə bil həmişəki sakit oğlan deyildi. Füzulinin Qacar, Yuxarı Əbdürrəhmanlı, Veysəlli, Qaraxanbəyli kəndlərinin, həmin bölgədə yerləşən bir neçə strateji yüksəkliyin azad edilməsi əməliyyatlarında, eyni zamanda, yaralı silahdaşlarının xilas edilməsində böyük xidməti olmuş, xüsusi igidliklər göstərmişdi. Nəhayət… Noyabrın 7-də Xocavənddəki 612-ci yüksəkliyin azad edilməsi uğrunda döyüşdə minomyot mərmisinin qəlpəsil yara alıb şəhadətə yetmişdi…
Əziz, unudulmaz Mehdimizin şücaəti, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Mehdi Fərzullazadə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıilə təltif olundu.