8 may 1973; Qardabani, Gürcüstan SSR — 14 iyul 2020; Tovuz rayonu, Azərbaycan — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya Komandiri (2019—2020-ci illərdə).
2020-ci il iyulun 12-16-da baş verən döyüşləri zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub.
İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olmuş, 1990-cı ildə bitirmişdir. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olmuşdur.
İlqar Mirzəyev ailəli idi; 1 oğlu və 1 qızı yadigar qaldı.
İlqar Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin polkovniki idi. O, 1995-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirmişdir.
Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, “Vətənə Xidmətə görə” II və III dərəcəli medalı ilə təltif olunmuşdur.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuş və Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlmişdir. 2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olmuşdur.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.
İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Artilleriya Komandiri İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.
General-mayor İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid oldu. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi general-mayor Polad İsrayıl oğlu Həşimov, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid oldu.
Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. II Fəxri Xiyabanda baş tutan vida mərasiminə müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Dəfn mərasimində çıxış edən Abdulla Qurbani Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verdi. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salındı. Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etdi.
(26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(26.06.2001) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
(26.06.2004) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
(26.06.2006) — “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2006) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2011) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
(26.06.2016) — “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(09.12.2020) — “Qızıl Ulduz” medalı (ölümündən sonra)
zərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.