Polad Həşimov

Polad Həşimov

Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[1]; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020-ci illərdə).

2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan dövrdə mühüm rol oynamışdır.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kamələ, və 1 qardaşı — İlham olmuşdur. 1976-cı ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.

Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır.[8] Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir. 1992-ci ildə oradan məzun olmuşdur.

Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı.[6] 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.[6]

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirmişdir.[2] 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə “hərbi idarəetmə” üzrə magistr dərəcəsi almışdır.

Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova ilə ailə həyatı qurmuşdur. Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı var.

Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində “Güzgü”, “Koroğlu” və “Ömər” postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Polad Həşimov 28 yaşı olanda “mayor” hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

6 il sonra isə Polad Həşimov “polkovnik-leytenant” hərbi rütbəsi elmışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.

Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərənamına əsasən Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilmişdir. Bununlada Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.[16] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib.[19] 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.[21] Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid oldu. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid oldu.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirildi. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın eləmişdi. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salındı. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirildi. Dəfn mərasimi bir gün sonra baş tutdu.

(26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(26.06.2002) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
(24.06.2003) — “Hərbi xidmətlərə görə” medalı
(26.06.2004) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
(26.06.2006) — “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2007) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
(25.06.2009) — “Vətən uğrunda” medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2012) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
(24.06.2014) — “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni
(26.06.2017) — “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(18.04.2016) — “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni
(09.12.2020) — “Qızıl Ulduz” medalı (ölümündən sonra)

Polad Həşimovun şəhid olmasının açıqlanmasından sonra, iyulun 14-dən Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan ediblər.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Bir cavab yazın