Məhəmmədəli Həsənzadə

Məmmədəli Həsənzadə

(1 May 1999-cu il, Sumqayıt, Azərbaycan)

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Həsənzadə Məhəmmədəli Hörmət oğludur. Əslən Qubadlı rayon Qilican kəndindən olan Məhəmmədəli Həsənzadə 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.

Həsənzadə Məhəmmədəli Hörmət oğlu 2005-ci ildə Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Q.Məmmədov adına Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş və orta təhsilini bu məktəbdə bitirmişdir. Oxuduğu 11 illik tədris müəssisəsində istər müəllim, istərsə də şagird kollektivinin böyük rəğbətini və hörmətini qazanmışdır.
Həsənzadə Məhəmmədəli Hörmət oğlu 2016-cı ildə Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakültəsinə daxil olmuş, 2020-ci ildə isə universiteti bitirmişdir.

2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabr “Vətən Müharibəsi” başlayan gündən Məhəmmədəli Həsənzadə torpaqlarımızın azadlığı uğrunda döyüşmüşdür.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin işğaldan azad olunması” uğrunda medalları ilə təltif edilmişdir. 6 noyabr 2020-ci il tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.