Mübariz Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər. Lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi.Onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da həyata qaytarmaq mümkün olmur.Cəsur komandir gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.