Cəlil Səfərov

Cəlil Səfərov

Cəlil Səfərov (28 yanvar 1962, Marneuli – 15 may 1992, Şuşa, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir.

Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsini azad edərək, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsini təmin etmişdir. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

Gürcüstan Respublikasının Marneuli şəhərinin Lejbəddin kəndində abidəsi ucaldılıb.