Xalid Mecdunov

Xalid Mecdunov

(20 fevral 1995; Poladlı, Qobustan rayonu — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb.

Xalq artisti Zabit Nəbizadənin bacısı oğludur.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)