Murad Nağıyev

Murad Nağıyev

(9 fevral 1997; Qazax rayonu – 11 oktyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax şəhərində anadan olub. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birgə Bakıxanov qəsəbəsində yaşamağa başlayıb. 2002-2011-ci illərdə Sabunçu rayonunda 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq üçün imtahan verib və imtahanda fərqləndiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi bitirib və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Burada o, bir il təhsil ala bilib. 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra bütün hərbi təhsil müəssisələri bağlandığına görə Murad Nağıyev digər azərbaycanlı yoldaşları ilə birgə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam edib. 2020-ci ildə oradan məzun olub. Subay idi.

Murad Nağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində Tank Taborunun Tağım Komandiri olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Murad Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibənin birinci dəqiqələrində Kənd Horadizin azad edilməsində, həmçinin Ermənistan Ordusunun strareji hədəflərinin, canlı qüvvəsinin məhv edilməsi zamanı fərqlənib. Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Onun şəhid olduğu ərazi 8 gün sonra nəzarətə götürülə bilib və o, oktyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nağıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nağıyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202024.12.2020