Vüsal Şükürov

Vüsal Şükürov

(15 noyabr 1995, Şahmallar kəndi, Ağcabədi rayonu, Azərbaycan – 8 noyabr 2020, Şuşa yaxınlığı, Azərbaycan) — Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı.

Vüsal Şükürov 15 noyabr 1995-ci ildə Ağcabədi rayonunun Şahmallar kəndində dünyaya göz açmışdır. İbtidai təhsilə 2002-ci ildə Şahmallar kənd orta məktəbində başlamışdır. 2003-cü ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə köçmüş, təhsilini burada Ə.Məmmədov adına 76 saylı orta məktəbdə davam etdirmişdir. Vüsal 2010-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsili almışdır.

Subbakalavr təhsilini bitirdikdən sonra Vüsal 2015-ci ildə hərbi xidmətə çağrılıb. “N” saylı hərbi hissədə tankçı ixtisası üzrə xidmət keçib. 2017-ci ildə xidməti başa vuraraq evə yollanıb. 21 sentyabr 2020-ci ildə təkrar təlimlərə çağrılıb. 27 sentyabr döyüşlər başlayan gündən ön cəbhədə düşmənlə ölüm-dirim savaşına girir. Şuşa uğrunda döyüşlərdə iştirak edib.

Şükürov Vüsal 7 noyabr tarixinə qədər döyüşərək Xocavənd əraziyə qədər gələ bilib. Vüsal Xüsusi Təyinatlı Qüvvələrin ardınca 8 noyabr tarixində bir çiynində pülemyot, digər çiyinində yük çantası ilə Şuşaya qalxıb. Şahidlərin məlumatına görə, əsgərlər könüllülük əsasında Şuşaya gedib. Şuşaya qalxarkən düşmənin minaatandan atdığı mərmi Vüsalın yanına düşüb. Mərmi qəlpələri başının arxa nahiyəsini yaralamışdır. Aldığı zərbədən elə oradaca şəhid olmuşdur. Cəbhə yoldaşlarının sözlərinə görə, Vüsal qorxmaz döyüşçü imiş. Şəhadətindən iki gün öncə dostları ilə görüşdə şəhid olacağını hiss etdiyini söyləmişdir. Şəhidin nəşi 10 noyabr tarixində ilk öncə doğulduğu evə – Şahmallar kəndinə gətirilmiş, daha sonra Ağcabədi şəhəri Şəhidlər xiyabanına aparılaraq orada torpağa tapşırılmışdır. Şəhidin dəfn mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbas, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və digər orqanların rəhbər üzvləri iştirak etmişdir.

Subay idi

(15.12.2020) — “Vətən uğrunda” medalı