Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1-nömrəli tam orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.
1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyun 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.
Subay idi.
Azərbaycan Respubliksaı prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.
Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.