Ölümü öldürən qəhrəman: Nizaminin son əməliyyatı

Quzanlı kəndinin şəhidləri arasında ikisi yaşca məndən kiçikdir. Biri mayor Novruz Əsgərovdur, biri isə əfsanəvi kəşfiyyatçı, çavuş Nizami Ələkbərov. Özündən böyük insanlar haqqında, onların ömür yolu, yaşadıqları illər, qazandıqları təcrübədən yazmaq nisbətən asandır. Amma özündən yaşca kiçik, ömrü yarımçıq qalmış insanlar haqqında yazmaq qəribə hisslər doğurur insanda. Bəzən ömrü yarıda qırılmış bu gənclərdən yazmağa qələm də aciz qalır. Çünki onlar yaşamalı, arzular qurmalı, xəyallarının ardınca getməli idilər. Lakin amansız müharibə onların ömür kitabını erkən bağladı.
Nizami ilə eyni məktəbdə oxumuş, eyni məhəllədə böyümüşük. Bir yerdə oyunlar oynamış, bəzən qurşaq tutub güləşmişik də. Məndən məndən 3 yaş kiçik olan, yaşıdlarının “Elim” deyə çağırdıqları Nizami 1978 təvəllüdlüdür. Həmin il yanvar 17-də Quzanlıda doğulub. Atası Səfi kişi, anası Turan xala zəhmətkeş insanlar idi. Əksəriyyəti kimi onlar da kollektiv təsərrüfatda çalışır, övladlarını halal zəhmətlə dolandırırdılar. Elim ailənin sonbeşiyi idi. Böyük qardaşı Salman kimi fiziki cəhətdən güclü, əzələli, enlikürək bir gənc idi Elim. Orta məktəbə də 1 il tez getmişdi. Qəribədir ki, bu yeniyetmə sanki həyata sanki bir addım öndə başlamışdı. Xaraktercə sakit, təmkinli idi.
Özündən yaşca böyük uşaqlarla oturub-durar, böyüklərlə qovğadan, dava-dalaşdan çəkinməzdi. 7-ci sinifdə oxuyan zaman artıq o 10-11-ci siniflərin nadinc şagirdləri ilə mübahisə edər, bəzən bu mübahisə əlbəyaxa davaya çevrilərdi. Sanki tale onu böyük işlər üçün hazırlayırdı.
Sinif yoldaşı Bəhram Rüstəmov deyir ki, Nizami heç zaman dava-dalaşa meylli olmayıb: “Sakit bir insan idi. Güclü, ürəkli, özünəinamlı olmasına rəğmən kiməsə sataşmazdı. Özündən zəiflə işi olmazdı. Yox, əgər birisi bizim sinifdən kiməsə haqsız hərəkət etsə, o zaman qarşısında Nizamini görərdi”.
Qardaşı oğlu Ramil Ələkbərov da Nizamini mərdanə xüsusiyyətlərindən qürurla danışır: “Aramızda yaş fərqi az idi deyə, biz elə tay-tuş kimi böyümüşük. Əmidən çox mənimlə dost olmuşdu Elim. Qohumluqda-qonşuluqda olduqca mehriban, hamıya can yandıran bir insan idi. Bütün bacı və qardaşlarından daha ürəyiyanan idi insanlara. İdmanı çox sevirdi. Həyətdə müxtəlif qurğular düzəltmişdi özü üçün, hər gün məşq edirdi. Arzusu hərbçi olmaq idi. Deyirdi ki, o formanı geyinmək, zabit olmaq istəyirəm. İdmanla da ona görə məşğul olurdu. Hərbi xidmətə çağırılanda atəşkəs imzalanmış, müharibə dayanmışdı. Təəssüf edirdi ki, müharibədə iştirak etməyə yaşı imkan verməyib”.
Nizami Ələkbərov ordu sıralarına 1995-ci ilin ayının 27-də çağırılmışdı. Bu o zaman idi ki, artıq Azərbaycanla işğalçı Ermənistan arasında atəşkəs sazişi imzalanmış, döyüş əməliyyatları dayandırılmışdı. Amma müharibə hər an alovlana bilərdi. Azərbaycan işğalla barışmamışdı. Nisbi sakitlikdən, atəşkəsdən istifadə edən dövlətimiz hərbi qüdrətini artırır, silahlı qüvvələrin maddi texniki bazasını gücləndirir, şəxsi heyətin peşəkarlığını artırırdı.
Xüsusi təyinatlı döyüşçülər hazırlayan hərbi hissədə xidmətə başlamışdı Nizami.

“O, sanki əsgər doğulmuşdu”

Xidmət etdiyi hərbi hissənin komandiri olmuş Xətai Baxışov Nizamininin çox nümunəvi əsgər olduğunu deyir: “Bu adam sanki əsgər doğulmuşdu. İlk dəfə görəndə gözüm tutmuşdu onu. O dəqiqə qərar verdim ki, bu pəhləvan cüssəli, fiziki güclü uşaqla xüsusi məşğul olmaq lazımdır. Verilən döyüş tapşırıqlarını canla-başla yerinə yetirirdi. Xüsusi təyinatlı olaraq hər şey öyrədirdik onlara. Düşmən arxasına keçməyi, orda əmrləri icra etməyi, əməliyyat aparmağı”.
Keçmiş komandiri deyir ki, Nizami hərbi təlimlərdə xüsusi fərqlənirmiş. O və onunla birgə əməliyyata gedən xüsusi təyinatlı kəşfiyyat qrupunun üzvləri də xüsusi olaraq seçilmişdi.
1997-ci ilin xüsusi təyinatlı kəşfiyyat qrupunun 8 üzvü məxfi döyüş tapşırığını icra etmək üçün Xocavənd rayonu istiqamətindən əməliyyata yollanır.
keçir. Leytenant Elxan Ağayevin rəhbərlik etdiyi qrupda müavini leytenant Vüqar Yarəhmədov, çavuş Anar Rzayev, çavuş Nizami Ələkbərov, çavuş Aqşin Həsənov, çavuş Dinar Mustafayev, çavuş Fariz Cavadov, çavuş Aqil Əhmədov var idi.
Əsas məqsədi işğalçı ordunun Azərbaycan ərazisində diskolasiya yerinin müəyyən olunması, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikası haqqında, habelə istehkam mühəndis hazırlığının mövdud durumu barədə məlumat toplamaq olan qrup 1997-ci ilin aprelin 7-də Xocavənd rayonu istiqamətində düşmən arxasına keçir. 3 gün düşmən arxasında olan kəşfiyyatçılar həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə komandanlığa göndərirlər. Əslində döyüş tapşırığı uğurla yerinə yetirilmişdi. Son tapşırıq sağ-salamt bölgəni tərk etmək idi. Lakin marıqda olan düşmən igid kəşfiyyatçılarımızın izinə düşür. Dəfələrlə yer dəyişsələr də, taktiki gedişlər etsələr də, mühasirəni yarıb geri qayıda bilmirlər. Kəşfiyyat qrupu bir neçə dəfə ermənilərin ərazidə olan müxtəlif silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girir. Döyüşlərin birində qrup üzvü çavuş Aqil Əhmədov ağır yaralanır. Tərslikdən qrupun silah və sursatları da bitmək üzrə idi. Çavuş Əhmədovun ağır yaralanması qrupun işini çətinləşdirir. Döyüşçü dostları çox cəhd etsələr də, onu təhlükəsiz, atəş tutmayan yerə çıxa bilmirlər. Komandir qrupu toplayır və hərb tarixinə düşəcək qərar verilir. Cəsur kəşfiyyatçılar bir yerə toplanır və düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıb şəhid olurlar.

Yeri gəlmişkən, Aqil Əhmədov 23 aylıq girovluqdan sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə azad edilir. Qəhrəman kəşfiyyatçılarımızın nəşi də düşmən tərəfdə qalmışdı. Onların qəhrəmanlığlı hətta düşməni belə heyrətə salmışdı. Həmin günlərdə bütün erməni ordusu 7 azərbaycanlı kəşfiyyatçının bu misilsiz qəhrəmanlığından danışırdı. Düşmən tərəfi igid hərbçilərimizi ehtiramla dəfn etmiş, hətta onların məzarı başında gənc əsgərlərə nümunə olsun deyə andiçmə mərasimi belə təşkil etmişdilər.
Qəhrəman şəhidlərimizin nəşi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə yalnız 190 gündən sonra vətənə gətirilmişdi. Azərbaycanın qüruru olan 7 şəhid Hərbi Memorial Kompleks adlandırılan İkinci Şəhidlər Xiyabanında uyuyur.
Azərbaycan dövləti düşmənin əlinə keçməmək üçün özlərini partladaraq şəhid olmuş igid kəşfiyyatçıların xidmətini layiqincə qiymətləndirib.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra onların hər biri, o cümlədən Nizamı Səfi oğlu Ələkbərov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Elman Cəfərli