Orxan Cabbarov

Orxan Cabbarov

(16 oktyabr 1995; Tovuz, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub. Ailəli və bir oğul atası idi.

Orxan Cabbarov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb.[1] Orxan Cabbarov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.[1] Tovuz rayonunda dəfn olunub.[1]

Orxan Cabbarov hərbi xidmətinə davam edərkən 3 noyabr tarixində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyi üçün “Şücaətə görə” medalı ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan döyüşçü ölümündən sonra döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(03.11.2020) — “Şücaətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
(29.12.2020) – “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)