Rasim İbrahimov

Rasim İbrahimov

İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır… 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.