Rinat Rinatoviç

Rinat Rinatoviç

Gizir Rasim Yaxin 1988-ci il avqustun 4-də Bakı şəhərində anadan olub. Milliyyətcə tatar olan Yaxinlər ailəsində böyüyüb boya-başa çatan Rasim orta təhsilini Səbail rayonundakı Etibar Əliyev adına 162 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2006-2008-ci illərdə Milli Qvardiyanın xüsusi təyinatlı bölməsində keçib. 2011-ci ildən Daxili Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb.

Xidmət etdiyi dövrdə iki dəfə – 2014-cü ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək Daxili Qoşunların Ali Hərbi Məktəbində və 2020-ci ilin fevral ayının 10-dan 28-dək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Özəl Asayiş Komandanlığında müvafiq olaraq “Gizir hazırlığı kursu” və “Qış dağ arama qurtarma və xizək sürmə kursu”nda təhsil alıb.

Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə xidmətini davam etdirən R.Yaxin 2018-ci ilin may ayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə yarımqrup komandiri kimi vəzifələrini layiqincə yerinə yetirib. Hər zaman yüksək hərbi intizamı və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.

Vətən torpaqlarını düşmən tapdağından azad görmək hər bir Azərbaycan vətəndaşı kimi onun da ən böyük arzusu olub. Məhz buna görə də Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsində fəal iştirak edən gizirimiz Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub: “Qismətimə qazi və ya şəhid olmaq yazılıbsa belə, bunun ilk döyüşlərdə baş verməsini istəmirdim. Çünki ən böyük arzum sonadək vuruşmaq və torpaqlarımızı azad görmək idi. İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində olub. Sonra Cəbrayıl və Füzuli rayonlarının bir sıra yaşayış məntəqələrinin və bu bölgədəki yüksəkliklərin azad olunması üzrə gedən döyüş əməliyyatlarında yaxından iştirak etdik. Ən son tapşırığımız isə Şuşanın azad olunması idi.

Noyabrın 6-da axşam Şuşaya hücuma keçdik. Şuşa istiqamətində aparılan uğurlu döyüş əməliyyatı nəticəsində bir neçə strateji yüksəklik düşməndən azad edildi. Yüksəklikləri alandan sonra, növbəti günün axşamı ermənilər olduğumuz mövqeləri tank və minaatanlardan güclü atəşə tutdular… Bir də o yadımdadır ki, qulağımda möhkəm səs əmələ gəldi və hər yeri qırmızı görürdüm. Nəfəs ala bilmirdim. Nəfəs alandan sonra sanki ayıldım və hiss etdim ki, sol qolumda istilik var. Baxanda gördüm ki, sol biləyim yoxdur. Yanımda Qazax rayonunun Çaylı kəndindən olan döyüşçü yoldaşım baş çavuş İsmayıl Qəsəbov vardı. Onu sirkələyəndən sonra gördüm ki, şəhid olub. Allah rəhmət eləsin. Çox qəhrəman bir döyüşçü idi…

Sonra başladım sanitar axtarmağa. Sanitar ilkin yardımı göstərdikdən sonra gecəni qaldıq orada. Səhərə yaxın yaralıları apardılar, bir evə yığdılar. Noyabrın 8-i axşam isə oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər”.

Gizir R.Yaxin burada 3 dəfə əməliyyat olunub. Şuşanın azad olunması uğrunda gedən qanlı döyüşdə ağır yaralanaraq sol gözünü və biləyini itirən Rasim buna təəssüflənmədiyini, əksinə, ən böyük arzu-suna qovuşduğunu deyir: “Qəlpə sol gözümü və çənəmi üç yerdən dağıtmışdı. Həm də qəlpə sol biləyimi aparıb. Daxili Qoşunların Qospitalında keçirdiyim əməliyyatlardan sonra bir az özümə gəlmişəm və düzəlmişəm. Gözüm əməliyyat olunub, amma mən hələ də görmürəm. Mən fəxr edirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza da şəfa versin. Mənim milliyyətim tatardır. Amma Azərbaycan vətəndaşıyam və bununla da fəxr edirəm. Mən Azərbaycanın suyunu içib, çörəyini yemişəm. Mənim övladlarım da Azərbaycanın suyunu içib, çörəyini yeyib. Bundan sonra da Azərbaycanın torpaqları uğrunda vuruşmağa və müdafiəsində dayanmağa hazıram”.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə gizir Yaxin Rasim Rinatoviç “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.