(19 dekabr 1988; Zəngilan, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı.
Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2002-2005-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifələrində çalışıb. Surxay Noçuyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçuyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçuyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)