Tahir Bağırov

Tahir Bağırov

(14 iyul 1957, Türkmənbaşı – 11 oktyabr 1992, Qarabağ) — gizir, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Tahir Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. Şirvan şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.

Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmişdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.

1992-ci il 11 oktyabrda gedən döyüşlərdə gizir T.Bağırov qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. İki oğlu yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.