Tehran Mənsimov

Tehran Mənsimov

(24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin rəhbərlərindən və Şuşanın azadlığı uğrunda döyüşlərin komandanlarından biri.

Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Tam orta təhsilini Qusar şəhərində almışdır. 1989-1992-ci illərdə Sovet ordusunun sıralarında hərbi xidmət keçmişdir. Könüllü olaraq, Birinci Qarabağ müharibəsinə yollanmış və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. Ardınca Bakı Birləşmiş Zabitlər Məktəbində təhsil almış və birinciliklə məzun olaraq, leytnant rütbəsi almışdır. 2011-2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək, birinci sırada təhsilini tamamlamışdır.

Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytnant rütbəsində ordu sıralarında xidmətə başlamışdır. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişdir.

2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlamış və Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət etmişdir. Hazırda, Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından bir olan Tehran Mənsimov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak etmişdir. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərin rəhbərlərindən biri olmuşdur.

Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir

  • III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
  • III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
  • III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  • II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  • I dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  • “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
  • “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
  • “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  • “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  • “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
  • “Azərbaycan Bayrağı” ordeni
  • “Şuşanın azad olunmasına görə” medalı
  • “Vətən uğrunda” medalı
  • “İgidliyə görə” medalı