Namiq İslamzadə

Namiq İslamzadə

(7 may 1974, Hövsan, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsinin Komandanlarından biri.

Namiq İslamzadə 7 may 1974-cü ildə Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Türkiyədə Aviasiya Akadеmiyasını bitirib.

2019-cu ilin noyabr ayından Azərbaycan Hərbi Hava Qüvvələrində aviasiyanın rəisi vəzifəsində çalışır.

İngilis, rus və türk dillərini bilir.

Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edir.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “general-mayor” ali hərbi rütbəsi verilmişdir.

Mayor Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Polkovnik-leytenant Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Polkovnik Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-cu il tarixli 2127 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.