Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsinin Komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı. Şuşanın azad edilməsində müstəsna xidmətləri olmuş və Şuşanın ilk komendantı təyin edilmişdir.
Zaur Cavanşir Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşir sülaləsindən olub Pənahəli xanın nəslinin nümayəndəsidir.
Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir. O, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsindən xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.
O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilən Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Zaur Cavanşirə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “general-mayor” ali hərbi rütbəsi verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.