Zaur Nudirəliyev

Zaur Nudirəliyev

(1 sentyabr 1978; Bakı, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbə daxil olub, 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə bitirib.

Ailəli idi. Ömər adında bir oğlu və Pəri adında bir qızı yadigar qaldı.

Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər “N” saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə “N” saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.

2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə 1-ci aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının manqa komandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyası komandirinin müavini-şturman vəzifəsində xidmət edib.

Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının komandiri olub.

Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından “N” saylı hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Zaur Nudirəliyev Su-25 döyüş təyyarəsində Ağdərə, həmçinin Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Ordusunun bölmələrinə zərbələr endirib. 12 hücumu uğurla başa vursa da, 13-cü hücum zaman Ermənistan Ordusu Su-25 təyyarəsini hədəfə almağı bacardı. Təyyarənin mühasirədə olduğunu anlayan Zaur Nudirəliyev Su-25 təyyarəsini Ermənistan Ordusunun bölmələrinə çırpır və şəhid olur. Zaur Nudirəliyev II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
II dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
(26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2010) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2015) — II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(26.06.2020) — I dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)