Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.
Həmçinin İmişli şəhərindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.