Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.
Atası onun barəsində danışır: “Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim qayıdım pulsuza düşüb oxuyacam”
Atası eyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:
“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”
MN-nin yaydığı videoda mərdanə, qürurlu duruşu ilə, top atılsa belə vüqarlı dayanmağı ilə, əyilməzliyi ilə diqqət çəkən Vüsal Şahkərimov indi internet fenomeninə çevrilib.
Şahkərimovlar ailəsinin ilki olan Vüsal iki bacının yeganə qardaşıdır. Atası İslam Şahkərimov tək oğluna yox, bütün əsgərlərimizə qələbə və sağlamlıq arzulayır: “Qələbə ilə, sağ-salamat qayıtsınlar. Fəxrlərimizdirlər. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında oğlum Vüsal və əsgər yoldaşları tezliklə bizə tam qələbə sevincini yaşadacaqlar”.