(28 aprel 1992; Güllücə, Ağdam rayonu, Azərbaycan — 7 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində Asif və Gözəl Məhəmmədəlizadələrin ailəsində anadan olmuşdur. 23 iyul 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbiylə onlar əvvəlcə, Bərdədə, sonra isə Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində məskunlaşmışlar.
Məhəmmədəli Məhəmmədəlizadə 28 aprel 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında yerinə yetirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 7 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Ağdamın azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 24.06.2021 |