(20 dekabr 1995; Ağdam rayonu Xındırıstan kəndi, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə rayonu, Suqovuşan Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi
İbrahimli Qəşəm Süleyman oğlu 20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub.
Qəşəm İbrahimli 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Qəşəm İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəşəm İbrahimli 9 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şəhid olduğu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəşəm İbrahimli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəşəm İbrahimli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 24.06.2021 |