Amin Musayev

Amin Musayev

Musayev Amin Amil oğlu 04.06.1994-cü ildə Ağstafa rayonunda anadan olub. Orta məkətə Ağstafa rayonunda gedib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub.

29 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və onu Gəncədəki N saylı hərbi hissəyə gətirirlər. Daha sonra Füzuliyə və sonra da Şuşada gedən döyüşlərdə iştirak edib. Şuşadan isə sonuncu dəfə Xankəndi istiqamətində döyüşlərdə olub.

A.Musayev Xankəndi ətrafında gedən döyüşlərdə ayağından yaralandığını və 2 gün ac-susuz qaldıqdan sonra ermənilərə əsir düşdüyünü bildirib.

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağstafa şəhər sakini Musayev Amin Alim oğlu doğma evinə qayıdıb. Amin doğma şəhərinin girişində əsil qəhrəman kimi qarşılanıb.

Əsir düşməsi ilə bağlı danışan Amin Musayev deyib: “Erməni hərbçilərinin əhatəsinə düşdüyümü görəndə silahımı tuşladım ki, onlardan heç olmasa birini vurum. Onlar da məni vursun, şəhid olum. Çünki əsir düşməkdənsə, ölmək daha yaxşıdır. Məni arxadan iki nəfər tutdu. Yaralı idim. Məni təpədən aşağı sürüyə-sürüyə apardılar. Mənə qarşı nalayiq sözlər istifadə etdilər, ancaq mən cavablarını verirdim. Orada rusiyalı jurnalistin məni videoya çəkdiyindən xəbərim yox idi. Məni həkim maşınında da vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, məni döyməyə başladılar. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Həkim sarğıya gələndə səsim çıxanda məni vururdu. Orada tibb bacılarından da şiddət görürdüm. Hətta bir dəfə boynuma isti su töküb yandırdılar. Yeməyi gətirib üstümüzə tullayırdılar. Ermənilər Azərbaycan əsgərindən çox qorxurdular. Ona görə də acıqlarını əsirlərdən çıxmağa çalışırdılar”.

Vətənə qayıdacağına daim inandığını vurğulayan Amin Musayev deyib: “Qısa müddətdə azad edilməyimiz Müzəffər Ali Baş Komandanın sayəsində mümkün oldu. Hətta qayıtdığım gün belə həkim gəlib sarğımı sarıyanda təəccübləndim. Bu dəfə tez gəlmişdi. Mənə xəstəxana paltarı geyindirdilər. Sonra avtomobillə aparıb təyyarəyə mindirdilər. Təyyarə Bakıya enəndən sonra bildim ki, Vətənimdəyəm. Bu hissi təsəvvür etmək üçün onu ancaq yaşamaq lazımdır. Orada əməliyyatı səhv etdikləri üçün burada həkimlərimiz yenidən cərrahi əməliyyat etdilər. Həkimlərimizə minnətdarlığımı bildirirəm”.