Cavid Həsənov

Cavid Həsənov

(6 mart 1993; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Nizami rayonunda V. Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. Cavid Həsənov 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.

Cavid Həsənovun atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir. 2014-cü ildə ali təhsilini başa vuraraq, 2014-2015-ci illərdə Gəncə şəhərində həqiqi hərbi xidmət keçib. 2015-cı ildə Xəzər Universitetində İqtisadiyyat və menecment sahəsində magistr pilləsinə qəbul olsa da, 2016-cı ildə təhsilini dayandırmışdır.

Cavid Həsənov 2011-2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016-2018-cı illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə “EasyDrill” LLC-də qazma mühəndisi vəzifəsində, 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışan Cavid Həsənov, ingilis və rus dillərini sərbəst bilirdi.

Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub.

II Fəxri Xiyabanda dəfn olunub.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202025.12.2020