d. 31 oktyabr 1953, Xaçmaz, Oğuz rayonu, Azərbaycan SSR, SSRİ – ö. 3 iyul 1992, Ağdərə, Azərbaycan — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; leytenant; “N” saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri.
Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. “N” saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur. Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakıda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.
Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə getmişdir. O, uşaqlıqda nadinc olmuşdur. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlmiş və burada Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb.
Koroğlu Rəhimov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdir.
Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 30 aprel 1992-ci il tarixində “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunmuşdur. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib. Dəstə 15 erməni yaraqlısını məhv etmiş və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə etmişdir. Koroğlu 5 faşisti məhv etmişdi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi – Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti – düşmənlərin ələ keçirdiyi Başkənd kəndinidə azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edildi.
21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.
3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu erməni hərbçilərindən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. Cəsarətli komandirin şəhid olması onun bütün döyüş yoldaşlarını təəccübləndirir. 1992-ci ildə vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.
Atası İsmayıl Rəhimov müəllim, anası Sura xanım evdar qadın idi. İsa Rəhimov və Şahin Rəhimov adlı qardaşıları və iki bacısı var. 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı qurmuşdur. Rəşad, Samir, Ülviyyə adlı üç övlad atası idi. Koroğlu, Mətin, Əzizağa, Fateh və Mələk adlı beş nəvəsi var.
Bakının Nərimanov rayonunda küçələrdən birinə “Koroğlu Rəhimov küçəsi” adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.
20 dekabr 2008-ci ildə Koroğlu Rəhimovun 55 illiyi münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında yığıncaq keçirilib. Yığıncaqda Koroğlu Rəhimovun döyüş yoldaşları, ailə üzvləri, ictimai-siyasi xadimlər, ziyalılar, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Prezident aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov, universitetin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstutunun direktoru İsa Alıyev və başqaları çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
16 sentyabr 1994 — Azərbaycan Azərbaycanın Milli Qəhrəmanı