Məhəmmədəli İbrahimli

Məhəmmədəli İbrahimli

(22 noyabr 1996; Beyləqan, Azərbaycan — 13 oktyabr 2020; Göyarx Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri, Vətən müharibəsinin şəhidi.

Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.

“İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən olub.

2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.