Murad Mirzəyev

Murad Mirzəyev

(d. 31 mart 1976, Sabirabad, Azərbaycan — ö. 2 aprel 2016, Tərtər, Talış,Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O Gəncə şəhərində “N” saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. Xidmətə başlamasının 10-cu illiyində Murad Mirzəyev “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, yubiley medalları və “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur

Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.