(26 fevral 1971-ci il, Kəlbəcər, Kəlbəcər rayonu – 27 mart 1993-ci il, Ağdaban, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı.
Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.
1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır.
Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur. Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:
“Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. “
2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
(1993) — “Azərbaycan Bayrağı” ordeni.
Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.[1]
İkinci dəfə ölümündən sonra Ülfət Kərimovun Milli Qəhrəman fəxri adı ilə təltif olunmasını təklif edilsə də, sözügedən mükafatla təltif olunması baş tutmayıb.