Valeh Bədəlov

Valeh Bədəlov

(10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi təyinatlı Qüvvələrin baş leytenantı, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Vətən Müharibəsi şəhidi

Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Orta təhsilini Ramiz Şabanov adına Aşağı Tala tam orta məktəbində alıb. 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnməklə başa vurub.

2012-ci ildə hərbi xidmətə yollanıb, kurs keçərək leytenant rütbəsinə yiyələnib. 2014-cü ildə hərbi xidməti başa vurub. 2015-ci ildə yenidən hərbiyə qayıdıb, xüsusi təyinatlı hərbçi olmaq üçün kurs keçib. Kursu uğurla başa vurub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Ordumuzun 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsi münasibətilə keçirilən keçirilən paradda iştirak edib.

27 sentyabrda başlayan Vətən müharibəsininin ilk gündən iştirakçısı olub. XTQ-də bölük komandiri və kəşfiyyatçı olan o, ilk gün Murov dağ zirvəsinin azad edilməsinda böyük şücaət göstərmiş, daha sonra isə cənub cəbhəsində Füzuli və Hadrut istiqamətində strateji yerlərin alınmasında iştirak etmişdir. 7 oktyabr 2020-ci ildə Cəbrayıl ərazisində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi ” fəxri adı verilib.[1] Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.