(1981, Ağdam rayonu) — Xüsusi təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Yaşar Əhəd oğlu Hüseynov 1981-ci ildə Ağdam rayon Abdal kəndində anadan olub. Qardaşı Füzuli Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub. 2000-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir. 2014-cü ilin avqust əməliyyatında yaralanıb. Həyatda ən böyük amalı şəhid qardaşı Füzuli Hüseynovun qisasını almaq və işğal altında olan torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq idi. 2016-cı il Aprel döyüşlərində iştirak edən o, yaralı halda 6 erməni hərbçisini zərərsizləşdirib və mövqeyini qoruyub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsidən iştirak edib. 9 oktyabrda yaralansa da tam sağalmadan yenidən döyüşlərə qatılıb. Şuşanın azad edilməsində iştirak edib.
Füzulidən Şuşa qalasına qədər yeridi. Silahla… Atəş aça-aça… Düşmən leşlərinin üzəri ilə yeriyib qayalarla qalaya dırmandı. Qalıb ordunun zəfər müjdəçisi oldu qəhrəman Yaşar Hüseynov…
Onun bu igidliyi Ali Baş komandan tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə qiymətləndirildi.